Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 26 İyun Silahlı Qüvvələr Gününü Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində qeyd etdi

“Vətənin hər qarışı hər birimizindir. Biz üçümüz də I və II Qarabağ müharibələrinin iştirakçılarıyıq”, - deyə Sərhəd Qoşunlarının Horadizdə yerləşən “N” saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Babək Nəbiyev bildirdi.
IMG_0973.JPG 4.87 MB


Yanında əyləşən iki polkovnik-leytenantı göstərərək sözünə davam etdi: “Hərəmiz Vətənin bir regionunda doğulub böyümüşük. Bax, qardaşlarım Cəmil Sultanov Qusardan, Murad Məmmədquliyev Şabrandan cəbhəyə gəliblər. Mən də Qərbi Azərbaycanda doğulub böyümüşəm.

Döyüşlərin ən qanlı məqamlarında vuruşmuşuq. Çox sayda düşməni cəhənnəmə göndərmişik. Gözümüzün önündə dost itirmişik. Televiziyalarda, qəzetlərdə, jurnallarda özünü qəhrəman, nə bilim romalılara qarşı vuruşmuş basılmaz xalq kimi təbliğ edən erməni gəncləri açıq döyüş meydanında qarşımızdan, neçə deyərlər, it kimi quyruqlarını qısıb qaçıblar. Qaçmaq imkanları olmayanda isə müti görkəm alıb: “Ara, Qarabağ azərbaycanlılarındır”, - deyiblər. Bir qaşıq qana görə alçalıblar. Amma mənim şir ürəkli qardaşlarım: “Bir can nədir ki, Vətən yolunda” şüarı ilə hünər göstəriblər. Bir balakənli qardaşımız vardı. Milliyyətcə tabasaran idi. Mühasirəyə düşdü. Artıq ermənilər onu əsir alacaqdılar. Tapançasının son gülləsini çənəsinin altına dirədi, atəş açdı. Erməni əsirliyindən şəhadəti üstün tutdu.
IMG_0984.JPG 3.25 MB


Babək şəhid olmuş cəbhə dostlarının hər biri haqqında kədərlə yox, iftixarla danışdı.

Elə mən də, polkovnik-leytenantın ölüm-itimlə müşahidə olunan söhbətinə iftixarla qulaq asırdım. Sanki o fədakar hərbçilərimizlə birlikdə döyüş meydanında idim. Nə güllə, nə də topların yaydığı qəlpə qorxusu vecimə gəlmirdi.

Qəfil bir səs məni və həmsöhbətimi o aləmdən ayırdı: “gəlin, tədbir başlayır”.

Polkovnik-leytenantlar və mən “N” saylı hərbi hissənin park mənzərəsi bağışlayan ərazisinə yollandıq. Əsgərlər, az sayda mülki şəxslər və daha bir neçə azyaşlı uşaq səliqə ilə düzülmüş skamyalarda əyləşib gözlərini səhnəyə dikmişdilər. İndicə səhnəyə Bakıdan gələn musiqiçilər, müğənnilər çıxacaqdılar. Hələlik isə xidmət yoldaşları sıravi əsgər İlyas Hacızadə klarnetdə bir-birinin ardınca könüloxşayan lirik mahnılar ifa edirdi.
IMG_1057.JPG 3.79 MB


Nəhayət, aparıcı mikrofon qarşısına keçdi. Dedi ki, 26 iyun milli ordumuzun yaranması gününə həsr olunmuş bu tədbir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunmuşdur. Bu günü sizinlə birlikdə qeyd etməyə Respublika Komitəsinin əməkdaşları ilə bərabər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri və işçiləri də gəlmişlər.

Aparıcı hərbi hissənin əsgər və zabit heyətinə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin və ADMİU-nun rektoru Ceyran Mahmudovanın salamlarını və təbriklərini çatdırdı. Söz musiqiyə verildi. “Xudayar təsnifi”, “Vətən haqqında”, “Çırpınırdı Qara dəniz” mahnıları hərbçilərin qəlbini riqqətə gətirdi.

Hərbçilərin ucalara qaldırıb yellədikləri üçrəngli, ay-ulduzlu bayraqlarımızın altında səslənən mahnılar Horadizin ətrafında keşik çəkən dağları da aşıb keçdi.

Coşqu artdıqca müğənnilər səhnədə duruş gətirə bilmədilər. Sinələrindən gələn nəğmələri hərbçilərlə bölüşmək həvəsi ilə səhnədən aşağı endilər.

Musiqiçilər qol qaldırıb əsgərlərlə rəqs etdilər. Çox az vaxtdan sonra musiqi hərbçilərlə musiqiçiləri doğmalaşdırdı.
IMG_1163.JPG 4.37 MB


Tədbirdə çıxışlar da oldu. Hərbi hissənin komandiri polkovnik Zəfər Bayramov, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Babək Nəbiyev qonaqlara xoşgəldin etdilər. Qonaqları əmin etdilər ki, ordumuz, o cümlədən sərhədçilərimiz Vətənin keşiyində əzmlə durublar. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, komandanlığı altında qarı düşmən çökdürülüb, darmadağın olunub. Sərhədlərimizin delimitasiyası sərhədçilərimizin iştirakı ilə xəritəyə uyğun aparılır. Düşmənin bütün hərəkətləri tam nəzarətimiz altındadır.

Hərbçilərimiz üçün hərbi hissələrdə, postlarda hər cür şərait yaradılıb. Ən müasir hərbi ləvazimatlar sərəncamımızdadır.

Müntəzəm keçirilən təlimlər ordumuzun döyüş qüdrətini get-gedə daha da artırır.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ictimaiyyətin, o cümlədən həmkarlar ittifaqlarının ordumuza inamının böyük olduğunu söylədi. Dedi ki, biz qələbəyə Vətən müharibəsinin elə ilk günündən əmin idik.
IMG_1168.JPG 4.9 MB


Xalq ordumuzun döyüş hazırlığına, şücaətinə, qələbə təşnəsinə şübhə etmirdi. Arxayın idik ki, Ali Baş Komandan nəyi, nə vaxt, necə edəcəyini bilir.

Atalarımız deyib ki, xalq bir olsa, zərbi kəran sındırar. Zəfərimizin başlıca amili o oldu ki, cənab İlham Əliyev bu birliyi öz ədalətli rəhbərliyi sayəsində yaratmağı bacardı.

Mirzə müəllim AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü, təklifi ilə yaradılmış həmkarlar ittifaqı - ordu əlaqələrindən də geniş danışdı. Bildirdi ki, əvvəla, həmkarlar ittifaqı əməkdaşlarından xeyli sayda gənc və cavan könüllü olaraq cəbhəyə yollandı. Təşkilatımızın bütün strukturları, xüsusilə cəbhə bölgəsində çalışan əməkdaşlarımız səylərini cəbhəyə yönəltdilər. Orduya mənəvi və maliyyə dəstəyi göstərdilər.

M.Cəfərzadə çıxışını vətənpərvər şüarlarla yekunlaşdırdı.
IMG_1170.JPG 4.58 MB


Hərbi hissə komandanlığı, başda S.Möhbalıyev olmaqla, Respublika Komitəsinin bir neçə əməkdaşına, mənəvi dəstəyə görə, Fəxri Fərman təqdim etdi. Respublika Komitəsi də hərbi hissəyə hədiyyəsiz gəlməmişdi. Sərhədçilərə 3 ədəd iri ekranlı televizor dəsti bağışladı.

Yeri gəlmişkən qeyd edim ki, görüşə Füzuli rayonundan I Qarabağ müharibəsinin 7 qazisi dəvət olunmuşdu. Onlara TİAHİ Füzuli Rayon Komitəsinin Fəxri fərmanları və qiymətli hədiyyələr verildi.

Yazının əvvəlində üç igid polkovnik-leytenantla söhbətimizi təqdim etmişdik. Olduğumuz hərbi hissədə neçə-neçə onlar kimi qəhrəman övladımız xidmət edir. Belə oğulları olan xalqın qarşısında dağ da davam gətirməz!

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo