Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə Naxçıvana səfər edib.

Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.

Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bildirib ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi müəyyənləşdirdi. Onun vətəndaş cəmiyyətinin formalaşdırılması üçün atdığı ilk addımlardan biri həmkarlar ittifaqlarının fəaliyyətinin təminatı olmuşdur. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar İttifaqları Haqqında” Qanun qəbul edildi. Qanun həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaratmış oldu. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qeyri-hökumət təşkilatı kimi qarşısında sərbəst və müstəqil imkanlar açıldı”.

AHİK sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev vətəndaşların sərbəst fəaliyyətinə, öz mövqelərini azad ifadə etməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarından biri olan Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində bütün problemlərin həllini hökumətlə sosial dialoqda görür: “AHİK hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləyir. Hər iki ildən bir hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Həmkarlar ittifaqı təşkilatları Baş Kollektiv Sazişə istinad edərək əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilir”.

S.Möhbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizin ictimai həyatında fəal iştirak etməklə Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafının möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, ümumilikdə, sosial problemlərin həlli isiqamətində apardığı uğurlu siyasətini dəstəkləyir.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışlar ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin doğulduğu Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.

Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo