Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb
“18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bütün Azərbaycan xalqını öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının üzvləri adından təbrik edirəm. Bu günün Azərbaycan tarixində xüsusi yeri var. Xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb. Minilliklərə söykənən tarixi ərzində böyük imperiyalara, dövlətlərə sahib olsa da, bəzən yaranmış tarixi şəraitlə əlaqədar müstəqilliyini itirməklə üz-üzə qalıb. Amma bir gün də olsun işğalla barışmayıb, milli-azadlıq mübarizəsini sonacan davam etdirib. Bu, Azərbaycan xalqının dəyişməz və sarsılmaz xarakteridir. Hər birimiz əminliklə inanırıq ki, ölkəmizin müstəqilliyi daimi olacaq və xalqımız azad yaşayacaq”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan 1918-ci il mayın 28-də xalqın apardığı uzunmüddətli mübarizədən sonra müstəqillik qazandı: “Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində şanlı tariximizdə dərin iz qoydu, xalqımızın azad yaşamaq haqqını bütün dünyaya göstərdi. Demokratik respublika yaratmaq və qadınlara seçki hüququ verməklə şərqdə ilklərə imza atdı. Qısa müddətdə özünün əsas atributlarını – bayrağını, himnini və gerbini yaratdı. Həmçinin ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də hərbi müdaxilə yolu ilə süqut etsə də, onun xalqımızın qəlbində bərqərar etdiyi azadlıq ideyası unudulmadı”.

“Müstəqilliyimizin bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Sovet rəhbərliyi tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinin bu təcavuzkar əməlini tənqid etdi və bu təcavüz aktını bütün dünyaya çatdırdı. Həmçinin həmin ilin iyulun 22-də Naxçıvanda minlərlə insanın iştirak etdiyi izdihamlı mintinqdə çıxışı zamanı xalqı müstəqillik uğrunda sonacan mübarizə aparmağa çağırdı. Xalq içərsində Heydər Əliyevin böyük nüfuzu varı idi, ötən əsrin 70-ci illərində gördüyü işlərlə xalqın tükənməz məhəbbətini qazanmışdı, xalq onun hər bir çağırışına böyük şövqlə səs verirdi. Təbii ki, bu çıxış xalqımızın mübarizə yolunda mühüm situmul oldu. 1990-cı il noyabrın 17-də məhz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında onun bilavasitə təşəbbüsü ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edildi. Beləliklə, Naxçıvanda müasir Azərbaycan dövlətçiliyinin təməli qoyuldu”, – AHİK sədri vurğulayıb.

Deputat əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu gün xaqımız Müstəqilliyin Bərpası Gününü xüsusi əhval-ruhiyyədə qeyd edir: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazisində dövlətimizin suveren hüquqları bərpa edildi, yarımçıq qalmış işlərimiz tamamlandı. Artıq xalqımız üçün çətin, ağrılı günlər keçimişdə qalıb. Bu gün min bir zəhmətlə, şərəflə qazandığımız uğurların sevincini yaşayırıq. Bir daha bayramınız mübarək olsun”.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo