Qubada təhsil işçiləri arasında şahmat yarışı keçirilib

Mayın 6-da Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şahmat turniri keçirilib.
 
Təhsil işçiləri arasında baş tutan yarış ATİAHİ Quba rayon komitəsi tərəfindən təşkil olunub.
Öncə Ulu Öndərin siyasi fəaliyyəti, dövlətçilik tarixindəki xidmətləri barədə çıxışlar edilib. Bildirilib ki, Heydər Əliyevin ikikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, Ordu gücləndirildi. Vurğulanıb ki, Ulu Öndərin təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərinin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi.
Qeyd olunub ki, bugünkü xoşbəxt Azərbaycanın əldə etdiyi bütün uğurların təməli Heydər Əliyev tərəfindən qoyulub.
Ardınca turnirə start verilib. Gərgin və maraqlı keçən yarış hakim Fidan Hafizova tərəfindən idarə olunub. 
Yarışın nəticəsi olaraq I yeri Həzrət Orucov, II yeri Ağatalıb Misirxanov, III yeri isə Yalçın Rəhimov qazanıb.
Qaliblər ATİAHİ Quba rayon komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo